- Mən 1992-ci ildən Şərq döyüş növləri ilə məşğulam. Bu illər ərzində adıçəkilən döyüş növlərinin ölkəmizdə inkişafına çalışmışam. 2004-cü ildə Beynəlxalq Döyüş Növləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşam. 2008-ci ildən isə ölkəmizdə Sayokan Döyüş Növləri Mərkəzi rəsmi qeydiyyatdan keçib. Bu istiqamətdə fəaliyyətimizi Dünya Sayokan Federasiyasının qanunları əsasında qurmuşuq. Hazırda Bakı və Sumqayıt şəhərləri ilə yanaşı ölkənin bir çox bölgələrində, İmişli, Beyləqan, Ağdam, Ağcabədi, Dəvəçi, Füzuli rayonlarında mərkəzin şöbələri fəaliyyət göstərir. Bu döyüş növü artıq gənclər arasında öz yerini tutub. Bugünlərdə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Çempionatına dəvət almışdıq. Biz bu çempionata Dünya Mücadilə İdman Federasiyasının dəvətinə əsasən 7 nəfər heyətlə qatıldıq. İştirakçılar arasında Bağırov Ramil, Bilalov Ramil, Rəhimov Tural, Abdurrəhmanov Asiman, Əliyev Anar və Eyvazova Arzu adlı idmançılarımız vardı. Çempionatda I yerə bir nəfər - 80 kq çəki dərəcəsində B.Ramil, II yerə 90 kq-dan yuxarı mütləq çəki dərəcəsində B.Ramil, qadınlar arasında 55 kq çəki dərəcəsində E.Arzu, 75 kq çəkidə R.Tural və nəhayət, III yerə A.Asiman və Ə.Anar layiq görülüblər. Eyni zamanda biz avqustun 4-5-i tarixlərində Türkiyənin Saprambolu əyalətində təşkil olunan beynəlxalq seminarda iştirak etdik. Həmin seminarda məni "IV nan qara kəmər ustası" adına layiq gördülər. Bu dərəcə mənə Dünya Sayokan Federasiyasının rəhbəri və eyni zamanda adıçəkilən döyüş növünün yaradıcısı Nihat Yigit tərəfindən verildi.
- Artıq idmançılarımız ölkəmizdə o qədər də tanınmayan idman yarışlarına belə qatılırlar. Bu baxımdan sayokan da
gənclərimiz üçün yeni bir idman növüdür...
- Ümumiyyətlə, idmançılarımızın sayı 600-700 nəfərdir. Bu döyüş növü iki sistemdən ibarətdir ki, bunlar A və V proqramlarına uyğundur. Əgər bir şəxs zala müraciətlə gələcəkdə yarışlara çıxmaq istədiyini deyirsə, artıq bu şəxslər A proqramına daxil edilir. Ancaq fərdi insanlar gələrək özünümüdafiə, yaxud polis, hüquq-mühafizə orqanları üçün öyrənirlər ki, bu zaman V proqramlarından istifadə olunur. Bu proqramlar çox fərqli bir sistemdə qurulublar, müvafiq yaş dövrünə uyğun proqram şəklində icra olunur. Sayokan döyüş sistemi eyni zamanda savadlı və diqqəti özündə birləşdirən bir döyüş növüdür və bununla məşğul olmaq üçün hər bir idmançı savadlı olmalıdır. Onu da qeyd edim ki, sayokan döyüş növü bir Yaponiya ve ya Çin döyüş sənəti deyil, bu, türk döyüş sənətidir. Yəni bu, Türkiyəyə deyil, bütün dünya türklərinə aid bir idman növüdür. Belə ki, bu idman növünün daxilində olan bütün sistemlər də oğuz türklərinin dilindədir və bu döyüş sistemi həm də müasirdir. Yapon döyüş sənətinə baxdıqda görərik ki, onlar öz tarixlərini, dillərini, mədəniyyətlərini və hətta öz dinlərini belə döyüş sistemlərinə əlavə edərək, dünyada inkişaf etdirərək bütün dünyaya tanıtdırırlar. Sayokan isə yapon döyüş sənətindən fərqli olaraq insanların dini etiqadına qarışmır. Yəni bu döyüş növü ilə dini etiqadı fərqli olan insanlar məşğul ola bilərlər. Beləliklə, sayokan türk tarixinə, mədəniyyətinə söykənən bir döyüş növüdür və bu onu sübut edir ki, daim türk tarixində hunlardan başlayaraq qəhrəman döyüşçülər olub və Azərbaycanın oğul və qızları da daim tariximizə söykəniblər və müasir dövrdəki milli qəhrəmanlarımız da bunu sübut ediblər.
- Hazırda sizin mərkəzin fəaliyyəti, bu idman növü ilə bağlı gənclərin informasiya əldə etməsi sistemi necə qurulub?
- Bu gün artıq bizim www.sayokan-az.com internet saytı fəaliyyət göstərir. Bu veb sayt vasitəsilə biz Azərbaycanda olan Şərq döyüş növlərinə və döyüş sistemlərinə xidmət etməklə yanaşı digər ölkələrdən olan idman növləri barədə də burada məlumat yerləşdiririk.
Bundan başqa bizim veb-saytda ölkə başçısı, dövlət orqanları, GİN və diaspor təşkilatları barədə məlumatlar da yer alıb. Burada həmçinin bölgələrdəki filiallarımızla, hər hansı yarış və seminarlarla bağlı məlumatlar əldə etmək də mümkündür.
Sayokan Döyüş Növləri Mərkəzinin döyüş zalını Parolimpiya İdman Kompleksində təşkil etmişik və yığma komanda qurmuşuq. Burada bölgələrdəki yarışlarda qazandığı uğurlara əsasən idmançılar bizim komandaya üzv olur və elə burada da seçim edərək beynəlxalq yarışlara aparırıq. Artıq veb saytımız fəaliyyətə başladığından regionlardan bizə müraciət edənlərin sayı da artıb. Başqa döyüş növləri ilə məşğul olan müəllimlərin sayokanla bağlı fəaliyyətini təkmilləşdirmək üçün üç aylıq kurs təşkil etməklə buna nail oluruq. Belə ki, onlara öz mərkəzimizdəki bu kurs nəticəsində təhsilin sonunda şəhadətnamə verərək fəaliyyət göstərdiyi bölgələrə göndəririk və onlar Gİİ-nin qeydiyyatı ilə çalışır.
- Bu idman növü üzrə Dünya Çempionatında təmsil olunmaq idmançılarımız üçün çətinlik yaratmadımı?
- 2007-ci ildən etibarən biz Federasiyaya üzv olmuşuq. Həmin ildən etibarən sayokan döyüş sistemi üzrə hər 4 ildən bir Dünya Çempionatı keçirilir və gələcəkdə də biz ona qatılacağıq. İştirakçısı olduğumuz Dünya Çempionatı digər döyüş növləri ilə bağlı əməkdaşlıq etdiyimiz təşkilatın keçirdiyi çempionat idi və biz bu sahədə də qalib gəlməklə müxtəlif ölkələr sırasında bayrağımızı yüksəklərə qaldırıb himnimizi səsləndirməklə vətənimizə, dövlətimizə xidmət edirik. Ümumiyyətlə, sayokan döyüş növü qeyri-olimpiya döyüş sistemidir və bu döyüş növünün də qeyri-olimpiya idman növləri üzrə olimpiadası keçirilir. Yəqin ki, gələn il Şərq döyüş sistemi üzrə olimpiada Sankt-Peterburqda baş tutacaq. Bizim bu yarışmaya da güclü bir idman heyəti ilə qatılmaq fikrimiz var və bunun üzərində işlər aparırıq. Yaxın gələcəkdə yəqin ki, dəvət alacağıq.
Nəinki sayokan, hətta karate belə olimpiya oyunlarına düşmür. Döyüş sistemlərində olimpiya və qeyri-olimpiya sistemləri fərqlidir. Ümumiyyətlə, sayokan döyüş sistemi çox gəncdir və dünyada 10 yaşı olmasına baxmayaraq artıq London, Amerika, Afrika, Türkmənistan, Azərbaycan, Türkiyə, Misir, Danimarka, Almaniya, Bosniya, İran və digər ölkələrdə fəaliyyət göstərir. Onu da qeyd edim ki, nəinki adıçəkilən ölkələrdən, hətta Ermənistandan da sayokan döyüş sistemini qurmaq üçün Türkiyəyə dəfələrlə gələrək N.Yigitə müraciət ediblər. Lakin N.Yigit Azərbaycanın Qarabağ problemini dərindən bildiyi üçün onların təklifini rədd edib. Hazırda da onlar bu təşkilatda təmsil olunmaq üçün səy göstərirlər. Bu bir faktdır ki, ermənilərin tutduğu mövqe ölkənin ictimai-siyasi həyatına, o cümlədən idmana da mənfi təsir göstərir.
Bizim mərkəz qeydiyyatdan keçdikdən sonra bir sıra dövlət qurumlarına, həm GİN, həm də regionlardakı filiallarımız yerli icra orqanlarına müraciət etdi. Bu Dünya Çempionatına da qatılmaqda yerli icra orqanlarının, o cümlədən Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinin çox böyük köməyi olub. Eləcə də digər özəl şirkətlər və bəzi şəxslər də gənclərimizin bu yarışa qatılmasında maddi kömək göstəriblər. Bizim mərkəzin üzvləri olan gənclər nəinki təkcə idmanla məşğul olur, həm də hər biri ziyalıdırlar və müxtəlif sahələrdə öz fəaliyyətlərini göstərirlər, dövlət qurumlarında çalışırlar. Biz çempionatdan qayıtdıqdan sonra Heydər Əliyev adına Hava Livanında həm təşkilatçılar, həm də disporumuzun nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılandıq və bu da dövlətimizin idmana olan qayğısından, dəstəyindən xəbər verir. Türkiyədə çempionat ərəfəsində bizi orada yaşayan soydaşlarımız, diasporumuz dəstəkləyirdi.
- Hazırda ölkədə bir çox beynəlxalq yarışlar keçirilir. Sayokan döyüş növü üzrə də belə bir yarışın təşkili mümkündürmü?
- Mən beynəlxalq turnirlərdə iştirak etmişəm və idmançıların yarış səviyyəsilə də yaxından tanış olmuşam. Bu gün ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün çox yüksək səviyyədə şərait var. Bu şəraiti yaratdığına görə ölkə başçısına dərin təşəkkürümü bildirirəm. Belə bir şərait yaradılması bütün ölkə idmançılarını daha da ruhlandırır. Hətta beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün təkliflər alırıq. Məsələn, son Dünya Çempionatında Dünya Mücadilə Federasiyaları Assosiasiyasının rəhbəri Azərbaycanda da bir beynəlxalq turnirin keçirilməsi ilə bağlı mənə müraciət etdi. Yəqin ki, gələcəkdə də belə bir planı reallaşdıracağıq.
Hazırda ölkədəki gənclərin idmana marağı daha çoxdur. Bu da Azərbaycanın dövlət siyasətində özünə yer tapıb. Çünki müxtəlif televiziya kanalları, mətbuat vasitəsilə idmançılarımızın uğurları geniş əksini tapır və gənclər də bu qayğıya sığınaraq fəaliyyətlərini daha genişləndirirlər. Bu da eyni zamanda gənclərin narkomaniya və digər zərərli təsirlərdən uzaqlaşaraq sağlam mühitdə böyüməsinə şərait yaradır.
- Bu gün qadınlarımız müxtəlif idman növlərində təmsil olunur. Sayokan döyüş növü ilə məşğul olan qadınların sayı kifayət qədərdirmi?
- Ümumiyyətlə, bizim döyüş sistemində qadınlar da çoxdur. Gürcüstanda keçirilən Beynəlxalq Dostluq Görüşünə gedərkən azyaşlı xanım qatılmışdı. Bizim bölgələrdəki filiallarda da yalnız oğlan deyil, qızda fəaliyyət göstərir. Eyni zamanda Sayokan Döyüş Növləri Mərkəzində qadın baş məşqçi də var.
Avropa ölkələrində qızların idmanda daha çox təmsil olunduğunu görürük və bizdə milli mentalitet baxımından qızların sayı bir qədər fərqlidir. Bizim mərkəzdə 15-20 idmançı qız var. Doğrudur, Zülfiyyə Hüseynova kimi məşhur idmançımız samboda bir örnəkdir. Ümumiyyətlə, qadınlarımızın bir çox idman növlərində sayının artmasının şahidi oluruq. Cinsindən asılı olmayaraq hər bir şəxsin amalı dövlətinə xidmət etmək, onun bayrağını təmsil etmək, Azərbaycan adını yüksəklərə qaldırmaqdır.
Nigar Abdullayeva
"Palitra” qəzeti