Bu gün Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasında Soyakan döyüş növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdən uğurla dönən idmançılarla görüş keçirildi. Qeyd edək ki, Soyakan döyüş növü türk millətinə mənsub döyüş növüdür və türkiyəli Nihat Yiğit tərəfindən yaradılıb. Yaranmasından az bir müddət keçməsinə baxmayaraq artıq dünyanın əlliyə yaxın ölkəsində bu idman növü ilə məşğul olurlar. Azərbaycanda bu idman növü ilə 2002-ci ildən məşğul olmağa başlayıblar və 2008-ci iləd Soyokan Federasiyası fəaliyyətə başlayıb. Görüşü çıxış nitqi ilə açan "Yeni Nəfəs+” qəzetinin təsisçisi Seymur Həsənli bu görüşü təşkil etməkdə məqsədlərinin sırf türklərə məxsus idman növündə gənclərimizin əldə etdikləri uğurları cəmiyyətin diqqətinə çatdırmaqdan ibarət olduğunu bildirdi: "Hər bir Azərbaycan vətəndaşının borcudur ki, Vətənimiznin bayrağını yüksəklərə qaldırsın. İdmaçılarımızın belə bir nailiyyət əldə etməsi dünyada ölkəmizin nüfuzunun artmasına xidmət edir”.
Daha sonra çıxış edən DAK fəxri sədri professor Qulamrza Səbri Təbrizi bir güneyli kimi idmançılarımızın bu uğuruna sevindiyini bildirdi: "Quzey Azərbaycan nə qədər inkişaf edərsə, bu Güneydəki qardaşlarımızın azadlıq mücadiləsinə bir o qədər yaxşı təsir edər. İdmançılarımız təkcə səkkiz milyonu təmsil etmirlər, onlar əlli milyonluq Azərbaycan xalqını təmsil edirlər. Siz idmaçılar Azərbaycanın dünyadakı səfirlərisiniz. Hər bir idmançı güclü, əxlaqlı və milli ruhda olmalıdır. Əgər idmançının milli ruhu olmazsa, onun dövlətinə və millətinə heç bir xeyiri dəyməyəcək. Mən Azərbaycan gənclərinin milli ruhun artırılmasında, xüsusi ilə də Güneyə dəstəkdə fəal olmağa çağırıram”.
Azərbaycan Soyakan Federasiyasının rəhbəri Vasif Namazlı Türkiyədə keçirilmiş yarış barədə məlumat verdi: "Biz bir məşqçi, altı idmaçı olmaqla avqustun birindən üçünə qədər Türkiyədə Azərbaycanı yeddi nəfərlə təmsil edirdik. Sevindirici haldır ki, soyakançılarımızın hamısı Vətənə meddala qayıdıb. Bu soyakanın Azərbaycandakı inkişafından xəbər verir. Türkiyədəki yarışda dünyanın otuza yaxın ölkəsindən idmaçılar iştirak edirdi. "Dünya Mücadele Sporları Federasiyası” bizi fəxri fərmanla təltif etməsi də, idmaçılarımızın peşəkarlığının göstəricisidir. Şərq döyüş növlərinin əksəriyyəti Çində, Yaponiyada və başqa ölkələrdə yaranıb və bu ölkələr öz dillərini, adətlərini, hətta dinlərini bu idman növlərinə qataraq dünyaya yayırlar. Bizim də məqsədimiz türk döyüş növü olan Soyakanı türk xalqları arasında təbliğ etməklə gənclərin milli ruhda böyüməsini təmin etməkdir. Bizim Azərbaycanın müxtəlif bölgələrinə idman mərkəzlərimiz var. Eyni zamanda biz Güney Azərbaycanda bu idman növünün təbliği ilə də məşğul oluruq. Gələcəkdə yüksək səviyyəli turnirlər keçirməyi planlaşdırırıq. Bu idna növü digər idman növlərindən bizə daha yaxındır. Çünki bu idman növü milli ruhu daşıyır. Ona görə də soyokanın inkişafına qayğı göstərilməsini xahiş edirik”.
Səbuhi TURANÇI